Dubay polisi, Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızını qaçırdıb. Bu barədə vəkili Devid Heyq məlumat verib.
Britaniyalı hüquqşünas Heyq, müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. O, sonuncu dəfə Zeynəblə bir gün əvvəl danışdığını qeyd edib. Daha sonra Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında evə basqın edərək onları aparıb.
Zeynəbin anası da qızına dəstək üçün Dubaya gedib, ancaq evi bağlı görüb və ölkədən çıxışına icazə verilməyib. Hadisənin fonunda uzun sürən qəyyumluq mübahisəsi dayanıb. Dubay məhkəməsi iki ay əvvəl qərar verərək uşaqların atalarına təhvil verilməsini tələb edib.
Keçmiş milli gimnast olan Zeynəb əvvəllər videomüraciətində uşaqlarının əlindən alınacağından qorxduğunu bildirmişdi. Vəkil Heyq, BMT-yə müraciət edildiyini və beynəlxalq təşkilatların müdaxiləyə çağırıldığını açıqlayıb. Dubay polisi və Şeyx Səidin nümayəndələri hələ rəsmi açıqlama verməyib.












