İngilis dilində təxminən 190 min hərfdən ibarət ən uzun sözün praktiki əhəmiyyəti yoxdur. O, nitqdə istifadə edilmir.
Bu fikri Nyu-York Universitetinin dilçisi Lorel MakKinzi "RİA Novosti"yə müsahibəsində bildirib. Söhbət ən böyük zülal molekulunun kimyəvi adından gedir. Ad 189 819 hərfdən ibarətdir və oxunması üç saat yarıma qədər çəkə bilər.
MakKinzi belə sözün praktikada istifadə oluna biləcəyi vəziyyəti təsəvvür etməyin çətin olduğunu deyib. O vurğulayıb ki, bu birləşmələrin söz sayılması meyarlardan asılıdır, xüsusilə ehtiyac və müntəzəm işlədilmə vacibdir.
Alim qeyd edib ki, ən uzun sözləri müəyyənləşdirən ayrıca elm sahəsi yoxdur. Lakin leksikoqraflar bu məsələlərə maraq göstərə bilərlər.












