Avstraliya Meteorologiya Bürosu (BoM) Sakit okeanın tropik bölgələrində "El-Ninyo" iqlim hadisəsinin başladığını rəsmən təsdiqləyib.
Bu barədə ABC telekanalı məlumat yayıb. Büro bildirir ki, fenomen ölkənin bəzi hissələrində isti hava və quraqlıq riskini artırır. Sakit okeanın mərkəzində suyun səth temperaturu artıq El-Ninyo səviyyəsinə çatıb və hadisənin çox güclü olacağı gözlənilir.
Mütəxəssislər qeyd edir ki, El-Ninyo adətən Avstraliyanın şərq və cənub-şərqində yağıntıların azalmasına və temperaturun yüksəlməsinə səbəb olur. Bu da meşə yanğınları, quraqlıq və kənd təsərrüfatında məhsuldarlığın azalması riskini artırır.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) El-Ninyonun formalaşdığını təsdiqləyib. Hadisənin 1950-ci ildən bəri ən güclülərdən biri olma ehtimalı 63% təşkil edir. Qarşıdakı qış və yaz fəsillərinin qitənin şərq və cənubunda normadan daha isti və quraq keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, El-Ninyo Sakit okeanın ekvatorial hissəsində suların dövri istiləşməsidir və qlobal hava şəraitinə təsir göstərir. Bu hadisə sonuncu dəfə 2023-2024-cü illərdə müşahidə edilib.












