ABŞ-də keçirilən "Mecum" retroavtomobil hərracında maraqlı qəza baş verib.
Lotlardan biri hərrac zamanı birbaşa zalda qəzaya uğrayıb. Nəticədə 1970-ci il istehsalı olan kolleksiya avtomobili "Ford Mustang" zədələnib və təmirə ehtiyac yaranıb.
İnsident İndianapolisdə keçirilən genişmiqyaslı hərrac zamanı baş verib. Vintage "Ford Mustang Mach I" avtomobili nümayiş meydançasına çıxarılan zaman qəzaya düşüb.
Şahidlərin sözlərinə görə, avtomobil qəfil sürət yığıb və sütuna çırpılıb. Sürücü bildirib ki, "Ford Mustang"ın qaz pedalı ilişib qalıb.
Avtomobilin ön hissəsinə ciddi ziyan dəyib. Radiator barmaqlığı, faralar, kapot sıradan çıxıb.
Maraqlıdır ki, "Ford Mustang Mach I" idman avtomobili qısa müddət əvvəl restavrasiyadan keçib. Bu, 7 litrlik V8 mühərriklə təchiz olunan nadir "Cobra Jet" versiyasıdır. Mühərrik sənədlərdə 335 at gücü göstərilsə də, real gücünün təxminən 400 at gücü olduğu bildirilir. ABŞ-də 1970-ci illərdə sığorta qiymətləri mühərrikin gücündən asılı olduğuna görə göstəricinin qəsdən aşağı yazıldığı qeyd olunur.
Avtomobil 100 km/saat sürətə 5,7 saniyəyə çatır və 200 km/saatdan çox sürət yığa bilir.












