Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa"nın bir neçə əməkdaşı Frankfurt hava limanında "Boeing 787-9 Dreamliner" təyyarəsində baş verən qəzada xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi aviaşirkətin nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə bu gün saat 12:45-də (Bakı vaxtı ilə 14:45-də) baş verib. Təyyarə ABŞ-nin Los-Anceles şəhərinə uçmalı idi.
"Təyyarənin burun şassi dayağı gözlənilmədən sınıb. Hadisə zamanı göyərtədə ekipaj üzvləri və yerüstü xidmət heyəti olub. Sərnişinlərin minməsi hələ başlamamışdı. Bir neçə əməkdaş xəsarət alıb, hazırda onlara tibbi yardım göstərilir", - deyə aviaşirkətin nümayəndəsi bildirib.
Hadisənin dəqiq səbəbləri və başvermə şəraiti səlahiyyətli orqanlarla birlikdə araşdırılır.












