Kanadanın Şimali Ontario bölgəsində faciə: 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq həyatını itirib.
Hadisə barədə Kanada Tibb Assosiasiyasına istinadən Daily Mail məlumat yayıb. Oğlan yatarkən yarasa üzünə qonub, ağzını və burnunu örtüb. Oyanan uşaq heyvanı kənara atıb.
Valideynlər yarasanı çölə buraxsa da, qan və ya dişləmə izi görmədikləri üçün həkimə müraciət etməyiblər. 19 gün sonra uşaqda üz keyiməsi, qusma və nevroloji əlamətlər yaranıb.
Həkimlər quduzluğu gec aşkar edib. Virus sinir sisteminə ciddi ziyan vurmuşdu. İki həftəlik intensiv müalicə nəticəsiz qalıb.
Ailə başqalarını xəbərdar etmək üçün faciənin ictimailəşdirilməsinə razılıq verib. Həkimlər yarasa dişləmələrinin mikroskopik ola biləcəyini və hər təmasda profilaktik tədbir görülməsini vurğulayır.












