Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Kiyev sakinlərinə şəhəri tərk etməyi tövsiyə edib. O, paytaxtda döyüş əməliyyatları nəticəsində dağıntılar olacağını bildirib.
Kuleba "Politika stranı" Telegram kanalına müsahibəsində deyib: "Biz yaşayış binalarının, muzeylərin və müəssisələrin dağıdılmasının şahidi olduq. Bu, psixoloji cəhətdən çətindir, amma biz bu mənzərəyə hazır olmalıyıq."
O, əlavə edib: "Əgər kiminsə əsəbləri dözmürsə, mən bunu tamamilə başa düşürəm, hamıya ağırdır, o zaman Kiyevdəki həyata fasilə verməlisiniz. Mən hər kəsi diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıram."
Xatırladaq ki, Rusiya ötən gün Kiyevə qarşı ardıcıl zərbələr endirilməsini elan edib və əcnəbilərə Ukrayna paytaxtını tərk etməyi tövsiyə edib.












