Monako Knyazı II Albert ölkə tarixində qeydə alınmış ilk terror aktını kəskin şəkildə qınayıb.
Hadisə nəticəsində ukraynalı oliqarx Vadim Yermolayev də olmaqla bir neçə şəxs xəsarət alıb.
"Monakoda baş verən partlayış bütün moneqask cəmiyyəti üçün sarsıntı oldu", - deyə Monako Knyaz Sarayının yaydığı rəsmi bəyanatda bildirilib.
II Albert ictimai təhlükəsizlik qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirərək, terror aktından zərər çəkənlərə, onların ailə üzvlərinə və hadisənin təsirinə məruz qalmış yerli sakinlərə başsağlığı verib: "Knyaginya Şarlen, ailəm və mən onların hər birinə dərin hüznlə rəğbətimizi və sarsılmaz dəstəyimizi bildirmək istəyirik".
İyunun 29-da mətbuatda yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) Monakoda yaşayış binasının girişində partlayışın baş verməsi barədə məlumatlar yayılıb. Xəsarət alan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Ölkənin dövlət naziri (hökumət başçısı) Kristof Mirmanın sözlərinə görə, bu hadisə knyazlıq tarixində qeydə alınan ilk terror aktıdır.
BFMTV telekanalının məlumatına görə, partlayış zamanı yaralananlardan biri Kipr vətəndaşı, Ukrayna mətbuatı tərəfindən ölkənin ən zəngin iş adamları siyahısına daxil edilmiş Vadim Yermolayevdir. V.Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib. 2023-cü ildə isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ona qarşı sanksiyalar tətbiq edib.












