Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin həm Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalacağını, həm də Avropa İttifaqı (Aİ) standartlarına uyğun islahatlar aparacağını bildirib.
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu Abovyan şəhərində seçkiqabağı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan hələlik bu iki istiqaməti paralel inkişaf etdirə bilər, lakin seçim lazım olsa, qərarı xalq verəcək.
Baş nazir qeyd edib ki, onun əsas vəzifəsi alternativ imkanlar yaratmaqdır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Aİ-yə inteqrasiyasının Aİİ ilə əməkdaşlığın dayandırılmasına səbəb ola biləcəyini vurğulamışdı.












