ABŞ Prezidenti Donald Tramp və komandası ilk hakimiyyəti dövründəki iki impiçment prosesinin simvolik ləğvi üçün Konqres üzvlərini yola gətirməyə çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən yayıb. Qeyd olunub ki, D.Tramp ABŞ tarixində iki dəfə impiçment işi açılan yeganə prezidentdir. Hər iki hadisə 2019 və 2021-ci illərdə baş verib. Nümayəndələr Palatası qərarları dəstəkləsə də, Senat onları ləğv etmişdi.
Qəzet xatırladır ki, apreldə respublikaçı konqresmen Darrel İssa hər iki impiçmentin etibarsız sayılması barədə qətnamə layihəsi irəli sürüb. 23 respublikaçının ortaq müəllifi olduğu sənəddə prosedurların "sıfırlanması" təklif edilir. Palata sədri Mayk Conson qətnaməni Trampla müzakirə etsə də, bunun partiyanın prioriteti olmadığını bildirib. Qətnamə təsdiqlənsə belə, simvolik xarakter daşıyacaq və hüquqi qüvvəyə minməyəcək.












