ABŞ Prezidenti Donald Tramp İrana sərt xəbərdarlıq edib. O bildirib ki, Vaşinqton danışıqların nəticəsindən asılı olmayaraq İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək.
Oxu.Az xəbər verir ki, Tramp "NBC News"-ə müsahibəsində deyib: "Biz uranı onlarla birlikdə və ya onsuz da götürəcəyik. Heç kim bizə atəş açmayacaq."
O əlavə edib: "Razılıq əldə etsək və münasibətlər dostcasına olsa, bunu birlikdə edərik. Avadanlıq bizim olacaq. Uranı çıxarıb məhv edəcəyik və ya başqa yerə aparacağıq."
Tramp ABŞ ilə İran arasında nüvə sazişinin yaxınlaşdığını bildirib: "Razılaşmaya çox yaxınıq. Onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər."
Prezident qeyd edib ki, razılaşmadan sonra İranın dondurulmuş aktivləri dərhal azad edilməyəcək: "Yaxşı davransalar, danışmağa başlayacağıq."












