Özünü Donald Trampın bioloji övladı sayan Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir.
Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti üçün Ankaraya səfəri zamanı onunla görüşmək istədiyini bildirib.
O, Trampla şəxsən danışmaq, onu narahat edən suallara cavab tapmaq və prezidentin onun mövcudluğundan xəbərdar olub-olmadığını öyrənmək niyyətindədir.
Özmen həmçinin Trampa dolma, paxlava və türk qəhvəsi təqdim etmək arzusunda olduğunu deyib.
2021-ci ildə 56 yaşında məhkəməyə müraciət edən Özmen atalığın müəyyənləşdirilməsini tələb etmişdi. O, anasının gəncliyində xarici səfərdə amerikalı iş adamı ilə münasibət qurduğunu və bunu illərlə sirr saxladığını iddia edir.
DNT testində israrlı olan Özmen heç bir maliyyə marağı olmadığını, sadəcə köklərini bilmək və Trampla tanış olmaq istədiyini vurğulayır.
NATO-nun Ankara sammitinin 7-8 iyulda keçirilməsi planlaşdırılır.












