Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) adətən qış xəstəliyi kimi tanınsa da, yay ayları da xəstələr üçün təhlükəlidir. Bürkü, smoq və yüksək rütubət ağırlaşmalara səbəb ola bilər.
Oxu.Az-a istinadən xəbər verilir ki, rusiyalı pulmonoloq Olqa Tsaqarayeva Gazeta.ru-ya açıqlamasında yayda xəstəliyin kəskinləşməsinin səbəblərini izah edib.
XOAX tənəffüs yollarının daralması və alveolların zədələnməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu, nəfəs almağı çətinləşdirir, təngnəfəslik, öskürək və yorğunluq yaradır.
Mütəxəssis bildirib ki, kəskinləşmələr əsasən soyuq mövsümdə baş versə də, yayda da risk faktorları mövcuddur: yüksək temperatur, rütubət, hava çirklənməsi, ozon və polen tənəffüs yollarını qıcıqlandırır.
Həkim susuzlaşmanın da təhlükəli olduğunu vurğulayıb: “İstidə bəlğəm qatılaşır və çıxarılması çətinləşir, vəziyyəti ağırlaşdırır”.
Pulmonoloq yayı vəziyyəti sabitləşdirmək üçün fürsət adlandırıb: zərərli vərdişlərdən imtina, hərəkətlilik, tənəffüs məşqləri və müalicə planının dəyişdirilməsi tövsiyə olunur. Həmçinin kifayət qədər su içmək, hava keyfiyyətini izləmək və terapiyaya riayət etmək vacibdir.












