"Kəpəz"in baş məşqçi postuna İtaliya, Bosniya və Herseqovina, Serbiya və Portuqaliyadan olan mütəxəssislər namizəddirlər.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Gəncə klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadə bildirib.
O, Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Neftçi" ilə keçirəcəkləri matçdan sonra vidalaşacaqları baş məşqçi Azər Bağırovun əvəzləyicisini axtardıqlarını bildirib:
"Siyahımız genişdir. Seçimimizdə yanılmaq istəmirik. Təbii ki, əcnəbi mütəxəssis seçimi ilə bağlı düşüncələrimiz var. Sizə deyə bilərəm ki, İtaliya, Bosniya və Herseqovina, Serbiya və Portuqaliyadan olan baş məşqçilərlə maraqlanırıq. Portuqaliyalı mütəxəssis "İmişli"də çalışan Jorj Kaşkilya deyil. O, ölkəsinin I Liqasında işləyən çalışdırıcıdır. Bəzi yerli baş məşqçilərlə də danışıqlarımız olub. "Kəpəz" üçün ən uğurlu seçimi etmək istəyirik. İnanırıq ki, yeni mövsümdə azarkeşlərimizə qələbələr bəxş edə biləcəyik".
F.Əlizadə "Neftçi" ilə görüşdən sonra baş məşqçi məsələsində mühüm irəliləyişə nail olacaqlarını bildirib.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyunu mayın 23-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Həmin matçdan sonra qərb klubunun baş məşqçisi Azər Bağırovun komandadan gedişi rəsmiləşəcək.












