Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer SteveWillDoit tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.
Bu barədə yığmanın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Bütün futbolçular qarşılıqlı razılıq əsasında kontent müəllifinin öz təşəbbüsü ilə hədiyyə etdiyi saatları ona geri qaytarmaq qərarına gəlib.
YouTube platformasında 1.5 milyondan çox izləyicisi olan Stiven Deleonardis dünya çempionatının 1/16 final mərhələsində Ekvadora qarşı oyundan əvvəl hər futbolçuya bir Rolex saatı hədiyyə edib. Həmin oyunu Meksika 2:0 hesabı ilə qazanıb.
Bloqerin sözlərinə görə, hədiyyələrin ümumi dəyəri 1 milyon dollar olub. Hər saatın qiyməti 30 min dollardan 90 min dollara qədər dəyişib.
Deleonardis bu addımını Meksikada yaşaması və Ekvador üzərində qələbəyə 2 milyon dollar mərc etməsi ilə izah edib. O, bu mərcdən təxminən 1 milyon dollar qazanacaqdı.
The Athletic nəşrinin məlumatına görə, bu hədiyyə etik baxımdan suallar doğurub. FIFA-nın Etika Məcəlləsinin 21-ci maddəsinə əsasən, simvolik və ya cüzi dəyərə malik olmayan, qərarlara təsir göstərə biləcək hədiyyələrin qəbulu qadağandır.
Qayda pozuntusuna görə 12 500 dollardan başlayan cərimə və iki ilədək futbolla bağlı fəaliyyətdən kənarlaşdırılma cəzası nəzərdə tutulur.
Meksika millisi 1/8 final mərhələsində İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 6-da Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.












