Arxeoloqlar İrlandiyada ölkə tarixində ən böyük vikinq yaşayış məskəni ola biləcək ərazi aşkar ediblər.
Adanın cənub-şərqində yerləşən Vudstaun ərazisində aparılan qazıntılar zamanı min ildən çox əvvəl hakimiyyət və ticarət mərkəzi kimi istifadə olunduğu ehtimal edilən nəhəng tikilinin qalıqları üzə çıxıb.
Tədqiqatlar Suir çayının sahilində, Uoterford şəhəri yaxınlığında aparılır. İrlandiya və Norveçdən olan beynəlxalq arxeoloqlar qrupu əvvəllər geofiziki tədqiqatlar vasitəsilə müəyyən edilmiş iri tikilini araşdırır.
İlkin ehtimallara görə, söhbət vikinqlər dövrünə aid uzun evdən və ya böyük toplantı zalından gedir. Vudstaun yaşayış məskəni 2003-cü ildə dairəvi avtomobil yolunun tikintisinə hazırlıq zamanı aşkar olunub.
Alimlərə görə, Vudstaun təxminən eramızın 850-950-ci illərində mövcud olub. Çay sahilində yerləşən bu möhkəmləndirilmiş vikinq məskəni sonrakı əsrlərdə toxunulmaz qalıb.












