Bu gün Bakıda Müasir İncəsənət Muzeyində SABAH İncəsənət Festivalının açılışı olub.
Tədbir SABAH qruplarının incəsənət tələbələrinin yaradıcılıq uğurlarını nümayiş etdirmək məqsədi daşıyır. Gənclər arasında təhsil və yaradıcılığa marağı artırmaq, ictimaiyyəti ali təhsildə qazanılan nailiyyətlərlə tanış etmək əsas hədəfdir.
Açılışda dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, rəssamlar və digər qonaqlar iştirak edib.
Azərbaycan Rəssamlıq Akademiyasının SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Sərgidə bədii xalça, keramika, şüşə, metal, toxuculuq və rəngkarlıq nümunələri təqdim edilib.
Proqram çərçivəsində ADMİU SABAH tələbələrinin "Rəssam, sevgilimin şəklini gəl çək" adlı bədii kompozisiyası nümayiş olunub.
Daha sonra AzRA SABAH tələbələrinin hazırladığı geyimlərdən ibarət dəfilə keçirilib. Gənc dizaynerlərin fərdi yanaşması və müasir üslubu diqqət çəkib.
Sərgi 2-3 iyul tarixlərində Müasir İncəsənət Muzeyində davam edəcək və hamı üçün açıq olacaq.












