Azərbaycan və Bolqarıstan Müdafiə Nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində "Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü" keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, səfər zamanı nümayəndə heyəti Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimovla görüşüb. Görüşdə Azərbaycan Ordusunda daxili təhlükəsizlik sahəsində görülən işlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra qonaqlar Hərbi Polis İdarəsini ziyarət edib və idarə rəisi, general-mayor Elgün Əliyevlə görüşüblər. Qonaqlara idarənin tarixi, fəaliyyət istiqamətləri və əsas vəzifələri barədə məlumat verilib.
Görüşdə hər iki ölkənin hərbi polis heyətlərinin birgə təlimlərdə iştirak imkanları müzakirə edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.












