Çin Zooparklar Assosiasiyasının məlumatına görə, Asiya filləri arasında ən uzunömürlü erkək fərd olan Bamo Şanxay zooparkında həyatını itirib. Onun 65 yaşı olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "China Daily" nəşri məlumat yayıb.
1961-ci ildə Myanmada doğulan Bamo, 1967-ci ildə Çinə gətirilib və 1973-cü ildən etibarən Şanxayda məskunlaşıb. O, zooparkdakı fil bölməsinin simvoluna çevrilərək şəhər sakinlərinin bir neçə nəslinin sevgisini qazanıb.
Baxıcıları onu su ilə oynamağı sevən, qırıq ağac budaqlarını sevimli qidaları olan qarğıdalı və qarpızla dəyişən ağıllı və şən heyvan kimi xatırlayırlar.
Yaşlandıqca Bamonun onurğasında əyilmə yaranıb, dişləri isə xarab olub. Ömrünü uzatmaq üçün zoopark rəhbərliyi yaşlı fillərə qulluq üçün xüsusi müasir sistem tətbiq edib. Qidası xırda hissələrə bölünərək daha tez-tez, lakin kiçik porsiyalarla verilirdi. Təhlükəsiz tibbi müayinələr üçün volyerlərdə xüsusi təlim divarları quraşdırılıb, su hovuzları yenilənib, qum təpəcikləri və yumşaq uzanma yerləri yaradılıb.












