Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərində yoxlamalara başlamağa hazırlaşır. Bu, Vaşinqton və Tehran arasındakı razılaşmalara əsaslanır.
BAEA-nın rəhbəri Rafael Qrossi bildirib ki, qarşılıqlı anlaşma memorandumu mövcuddur və nüvə ilə bağlı hissə nəzarət altında olacaq. Yoxlamalar olmadan nəzarəti təmin etmək mümkün deyil. Texniki işlərə başlanılıb və ən qısa zamanda yoxlamaların başlaması gözlənilir.
Qrossi qeyd edib ki, yüksək zənginləşdirilmiş uran ehtiyatları, çox güman, 2025-ci ilin iyunundakı yerlərində qalır. Əsas hissə Fordo obyektində, bir qismi isə Natanzdadır. Bunu təsdiqləmək üçün ərazilərə giriş lazımdır.
Son səfərdə BAEA mütəxəssisləri materialları ölçüb, çəkib və möhürləyib. İndi geri dönərək möhürlərin toxunulmazlığını yoxlamaq əsas vəzifədir.












