Çinli alimlər, ənənəvi metodlardan qat-qat yüksək dəqiqliklə, cəmi bir damla qanda xərçəng biomarkerlərini təyin edə bilən portativ cihaz ixtira ediblər.
Bu elmi işin nəticələri nüfuzlu "Nature Photonics" jurnalında dərc olunub.
Qan nümunələrində xərçəng biomarkerlərini axtarmaq üçün istifadə olunan müasir sistemlər adətən irihəcmli laboratoriya avadanlıqları tələb edir. Çinli alimlər isə bu cür mürəkkəb sistemi ovuc içinə sığacaq qədər yığcam bir cihaza kiçiltməyə nail olublar.
Yeni texnologiyanın əsasını nanofotonik sensor metodu təşkil edir. Bunun üçün mütəxəssislər metamateriallardan ibarət xüsusi üçölçülü çip hazırlayıblar.
İxtiraçılar eyni zamanda yüksək maliyyə xərcləri problemini də həll ediblər. Mikrosxemlərin kütləvi çapı sayəsində bir sensorun qiyməti təxminən beş dollara düşüb.
Cihaz cəmi üç əsas hissədən ibarətdir: fotodetektor, işıqdiodlu işıq mənbəyi və optik sensor. Bu sadəlik sayəsində sistemi gələcəkdə ev şəraitində istifadə etmək mümkün olacaq.
Texnologiyanın işləkliyini yoxlamaq üçün cihaz ağciyər xərçəngi biomarkerləri üzərində sınaqdan keçirilib. 171 qan nümunəsi üzərində aparılan sınaqlar zamanı cihaz 94.9%-ə qədər dəqiqlik göstərib. Müqayisə üçün standart ELİSA analizinin dəqiqliyi təqribən 74.7% təşkil edir.
Bu yeni sistem ənənəvi üsullarla müqayisədə təqribən 10 min dəfə daha həssasdır. Tədqiqatçılar hesab edirlər ki, texnologiya xərçəng diaqnostikasından başqa, digər tibbi müayinələrdə də geniş tətbiq oluna bilər.











