ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məhkəmədə dövlət sirri təşkil edən məlumatlarla ehtiyatsız davrandığını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Boltonun işi üzrə keçirilən növbəti məhkəmə iclasına istinadən məlumat yayıb.
Bildirilib ki, Bolton daha əvvəl istintaqla prosessual razılaşma əldə edərək ittihamların bir epizodu üzrə təqsirini qəbul edib. O həmçinin 2 milyon dollardan çox məbləğdə cərimə ödəməyə razılaşıb.
ABŞ prezidentinin keçmiş müşavirini 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bununla belə, məhkəmə hökmü həbs cəzası təyin edilmədən də çıxarıla bilər. Qeyd edək ki, Bolton ilkin mərhələdə məhkəmədə özünü təqsirli bilmədiyini bəyan etmişdi.
Xatırladaq ki, ötən ilin sentyabrında "Politico" qəzeti ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Boltonun ofisində keçirdiyi axtarış zamanı məxfi sənədlər aşkar etdiyini yazmışdı.
Məlumata görə, söhbət kütləvi qırğın silahları, ABŞ-nin BMT yanında daimi nümayəndəliyi və "Amerika hökumətinin strateji kommunikasiyaları" ilə bağlı məxfi materiallardan gedir. Həmin sənədlərin Boltonun Vaşinqtonun mərkəzində yerləşən ofisində tapıldığı bildirilir.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında FTB Boltonun evində axtarış aparıb, bundan sonra ona qarşı ittihamlar irəli sürülüb.












