Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iki seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və materialları prokurorluğa göndərib.
Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, qərar MSK-nın növbədənkənar iclasında qəbul olunub.
Məntəqələrdən biri Aqarak şəhərində (Sünik vilayəti), digəri isə paytaxt İrəvanın Nubaraşen rayonunda yerləşir.
MSK sədri Vaaqn Ovakimyan bildirib ki, hər iki məntəqədə seçki günü, səsvermə başa çatdıqdan sonra hərbi qulluqçuların toplaşması müşahidə olunub.
Xatırladaq ki, Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. İlkin nəticələrə görə, baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib.
İkinci yeri Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, üçüncü yeri isə eks-prezident Robert Koçaryanın "Ermənistan" bloku tutub. Hər üç siyasi qüvvə parlamentdə təmsil olunmaq hüququ qazanıb.












