Çinin dövlət teleradio şirkəti CCTV, 2026-cı il futbol üzrə dünya çempionatının yayım hüquqları üçün FIFA ilə 60 milyon dollarlıq müqavilə imzalayıb.
"Hong Kong 01" nəşrinin məlumatına görə, uzun sürən danışıqlardan sonra müqavilə mayın 15-də rəsmiləşdirilib. CCTV televiziya, internet və mobil platformalarda yayım üçün bütün eksklüziv hüquqlara sahib olacaq.
FIFA ilkin mərhələdə 250-300 milyon dollar tələb etsə də, sonra məbləği 120-150 milyon dollara endirib. Çin tərəfi isə 60-80 milyon dollar civarında israr edib və nəticədə 60 milyon dollar razılaşma əldə olunub.
Saziş 2026 və 2030-cu il kişilər, həmçinin 2027 və 2031-ci il qadınlar arasında dünya çempionatlarını əhatə edir.
Hindistanla danışıqlar nəticəsiz qalıb. FIFA qiyməti 35 milyon dollara endirsə də, "JioStar" cəmi 20 milyon dollar təklif edib. Dehli Ali Məhkəməsinə turnirin ödənişsiz yayımlanması üçün müraciət edilib, məhkəmə baxışı mayın 20-nə təyin olunub.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.











