Finlandiya Prezidenti Aleksandr Stubb nüvə enerjisi haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkə ərazisinə nüvə silahının gətirilməsi və tranziti ilə bağlı uzunmüddətli qadağanı ləğv edir.
Oxu.Az xəbər verir ki, bu barədə Finlandiya parlamentinin rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qanun iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, qanun layihəsi aprel ayında parlamentə təqdim edilmişdi. Müdafiə naziri Antti Hyakkänen bildirmişdi ki, dəyişikliklərə baxmayaraq Finlandiya Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə və digər beynəlxalq öhdəliklərə sadiq qalacaq.
1987-ci ildə qəbul edilmiş qanun nüvə partlayıcı maddələrin idxalını, istehsalını, saxlanılmasını və istifadəsini qadağan edirdi. Müdafiə nazirinin sözlərinə görə, dəyişikliklər NATO standartlarına uyğunlaşmaq məqsədi daşıyır. Finlandiya 2023-cü ildə alyansa üzv olub.












