Dohada keçirilən danışıqlar zamanı İran və ABŞ nümayəndələri Tehranın xaricdə dondurulmuş aktivlərindən 3 milyard dolların ayrılmasına dair ilkin razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Məlumatda söhbətin ABŞ, yoxsa başqa ölkələrdəki dondurulmuş vəsaitlərdən getdiyi dəqiq bəlli deyil. Həmin məbləğin İrana verilməsi ilə bağlı yekun qərar danışıqlardakı irəliləyişdən asılı olacaq.
Telekanalın mənbələri həmçinin bildiriblər ki, tərəflər arasında xüsusilə Hörmüz boğazı məsələsi üzrə dolayı təmaslar davam edir. Bundan əvvəl Oman boğazla bağlı öz planını təklif etmişdi. İndi isə hər iki tərəfin nümayəndə heyətlərinin vətənə dönərək Omanın irəli sürdüyü təşəbbüs ətrafında məsləhətləşmələr aparacağı gözlənilir.
Daha əvvəl "Bloomberg" agentliyi ABŞ Administrasiyasındakı rəsmiyə istinadən məlumat verib ki, Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner iyulun 1-də Dohada müsbət danışıqlar aparıblar, eyni zamanda İran tərəfi ilə texniki məsləhətləşmələr inkişaf etməkdədir.












