İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğvi təklifini dəstəkləyib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat açıqlamasında qeyd olunub.
"Parlament hökumətin müdafiəyə ehtiyacı olan və İsveçdə məskunlaşan şəxslər, həmçinin onların qohumları üçün daimi yaşayış icazələrinin ləğvini nəzərdə tutan təklifinin lehinə səs verib", - deyə məlumatda bildirilir.
İzah edilir ki, bu tədbirin məqsədi sığınacaqla bağlı miqrasiyanı azaltmaq hesabına inteqrasiya üçün daha yaxşı şərait yaratmaq və sosial təcrid olunma səviyyəsini aşağı salmaqdır.
Qanunvericiliyə edilən düzəlişlər 12 iyul 2026-cı il tarixində qüvvəyə minəcək. Daimi yaşayış icazəsinin əvəzinə müvəqqəti yaşayış icazəsi veriləcək. Artıq qüvvədə olan qaydaya əsasən, müvəqqəti yaşayış icazəsi yalnız müdafiəyə ehtiyacı olan şəxslərə təqdim edilir.












