İyulun 2-də Ukraynanın paytaxtı Kiyev kütləvi raket və dron hücumlarına məruz qalıb.
Ballistik raketlərin vurduğu zərbələr nəticəsində Peçersk rayonu da daxil olmaqla bir sıra ərazilərdə dağıntılar qeydə alınıb. İyulun 3-ü Kiyevdə matəm günü elan olunub.
Dnepropetrovsk, Çerniqov, Sumı və Xarkov vilayətləri də hücuma məruz qalıb. Rusiya ordusu 600-ə yaxın dron və 60-a yaxın ballistik raket atıb. Ukrayna Silahlı Qüvvələri əksəriyyətini zərərsizləşdirdiyini bildirir.
Hücumun şahidlərindən biri Baku TV-yə danışıb: "Gecə yatmışdıq, qəfil hücum başladı. Raketlər ard-arda uçur, partlayışlar olurdu. Möcüzə nəticəsində dəhlizə keçdim. Qapını aça bilmirdim, xilasedicilər gəlib çıxardı. Sağ çıxacağıma inanmırdım, əsas odur ki, sağam".
Son məlumatlara görə, 20-yə yaxın insan ölüb, yüzlərlə yaralı var.












