Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola virusu misli görünməmiş sürətlə yayılmaqdadır.
"Sərhədsiz Həkimlər" təşkilatının əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib ki, epidemiya elan edildikdən qısa müddət sonra bu qədər yüksək yoluxma sayının qeydə alınması Ebola tarixində ilk dəfədir.
O deyib: "Epidemiya elanından iki həftə sonra vəziyyət hələ də ciddi narahatlıq doğurur və cavab tədbirləri virusun yayılma sürətindən geri qalır."
Hər gün yeni şübhəli yoluxma halları qeydə alınır, lakin yüzlərlə nümunə hələ də yoxlanılmayıb. Sərhədlərin və hava limanlarının bağlanması dərmanların, humanitar yardımın və mütəxəssislərin bölgəyə çatdırılmasını çətinləşdirir.
Konqo DR hökuməti mayın 15-də Ebola epidemiyasını elan edib. Virusun "Ebola-Bundibugyo" ştamı olduğu bildirilir. Hazırda əsas yoluxma ocağı İturi əyalətindədir. Ümumilikdə 1000-dən çox şübhəli yoluxma və 240 ölüm halı qeydə alınıb.











