Cənubi Koreyada internet istifadəçiləri pul xərcləmədən alış-veriş edirmiş kimi hiss edən sayt və tətbiqlərə üz tutur.
Bu platformalar yemək, məhsul və konsert biletləri sifarişini simulyasiya edir. Real alış-veriş baş verməsə də, istifadəçilər eyni məmnunluğu yaşadıqlarını deyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Vice" nəşri yazıb. İlk baxışdan ideya qəribə görünsə də, populyarlığı artır.
İstifadəçi sifariş verir, kuryerin hərəkətini izləyir, çatdırılma bildirişi alır - lakin nə pul çıxır, nə də bağlama gəlir. Bu, sadəcə simulyasiyadır.
Bu xidmətlər yemək asılılığı ilə mübarizə üçün yaradılıb. Milyonlarla baxış qazanan layihələr insanlara gecə yemək sifarişindən çəkinməyə, pul və kalori qənaətinə kömək edir.
Bundan əlavə, virtual mağazalar fantastik məhsullar təklif edir: zaman maşını, görünməzlik plaşı. İstifadəçilər zarafatla rəylər yazaraq təcrübəni oyuna çevirir.
Psixoloqlar bu trendi insan psixologiyası ilə izah edir. Məmnunluq sahib olmaqdan çox, seçim və gözləmə mərhələsində formalaşır.












