Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki sadə test göstərə bilər. Lakin bu üsullar həmişə 100% dəqiq nəticə vermir. Ən etibarlı yol nitrat testerindən istifadə etməkdir.
Rusiyalı kənd təsərrüfatı elmləri doktoru Nina Myasişeva Gazeta.ru-ya müsahibəsində ev şəraitində yoxlama üsullarını açıqlayıb.
Su testi: Qarpızın ətli hissəsindən kiçik bir tikəni stəkandakı suya atın. Suyun bulanıqlaşması normaldır. Lakin suyun çəhrayı və ya qırmızı rəngə boyanması həmin qarpızda artıq maddələrin olduğundan xəbər verir. Belə qarpızdan çəkinmək lazımdır.
Yod testi: Kəsilmiş qarpız tikəsinin üzərinə bir damla yod damladın. Yodun rənginin maviyə çalması nitratların mövcudluğunu göstərə bilər.
Alim qeyd edir ki, qarpızda nitratın təhlükəsiz səviyyəsi hər kiloqram üçün 60 mq-a qədərdir. Bu həddin aşılması zəhərlənməyə səbəb ola bilər. Simptomlar: zəiflik, başgicəllənmə, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, iştahsızlıq, yuxululuq.
Nina Myasişeva qarpız alarkən xarici görünüşə də diqqət etməyi tövsiyə edir: içərisi qeyri-təbii parlaq qırmızı olmamalı, liflər ağ rəngdə olmalıdır. Kəsilmiş səth məxməri və dənəvər olmalıdır. Qarpızı yalnız ixtisaslaşmış satış yerlərindən alın, yol kənarında satılanlardan uzaq durun, çünki onlar zərərli maddələr udur.











