Dünyada qəhvə və şokoladın qiyməti El-Ninyo hava fenomeni səbəbindən yenidən arta bilər. Bu iqlim hadisəsi tropik bitkilərin məhsuldarlığına mənfi təsir göstərir.
El-Ninyo Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının istiləşməsi ilə xarakterizə olunur. Bu, qasırğalar, ekstremal istilər, quraqlıqlar və leysan yağışları riskini artırır.
Kakao sektoru üçün ən böyük risk Qərbi Afrika bölgəsindədir. Güclü yağışlar göbələk infeksiyalarına səbəb ola bilər. Ardınca gələn isti hava və quraqlıq isə məhsuldarlığı azaldacaq.
2024-cü ildə məhsul qıtlığı kakaonun qiymətini kəskin artırmışdı. Bir ton kakao xammalının qiyməti 12 min dolları keçmişdi. İyun ayının sonlarında Nyu-York Əmtəə Birjasında qiymətlər 8.5% artaraq 5 040 dollara çatdı.
El-Ninyonun qəhvəyə təsiri məhsulun növündən asılıdır. İndoneziya və Vyetnamda quraqlıq robusta növünü, Braziliyadakı hava şəraiti isə arabikanı təsirləndirir.
Ekspertlər bildirir ki, birjalardakı qiymət artımları mağaza rəflərində dərhal hiss olunmur. Anbar ehtiyatları, uzunmüddətli müqavilələr və logistika xərcləri təsir göstərir. Lakin xammal baha qalarsa, istehsalçılar məhsulların çəkisini azalda və ya tərkibini dəyişə bilər.












