Dünya aviaşirkətləri qış mövsümü üçün uçuş cədvəllərində geniş dəyişikliklərə hazırlaşır. Yaxın Şərqdəki gərginlik və yanacaq qiymətlərinin yüksək qalması səbəbindən on minlərlə uçuş ləğv edilə bilər.
"Financial Times" qəzetinin məlumatına görə, aviadaşıyıcıların rəhbərlikləri yaxın həftələrdə nəqliyyat imkanlarını yeni iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün son qərarlar verəcək.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) cari il üçün proqnozlarını kəskin azaldıb. Qlobal mənfəətin yarıya enərək 43 milyard dollardan 23 milyard dollara düşəcəyi gözlənilir. IATA xəbərdarlıq edir ki, ilin sonuna yanacaq qiymətləri düşsə belə, sənaye əlavə 100 milyard dollar yanacaq xərci ilə üzləşəcək.
"ITA Airways"in baş direktoru Yorq Eberhart deyib ki, ən pis halda şirkət oktyabrdan aprelə qədər uçuşların 20%-ə qədərini azaltmalı ola bilər. "Ola bilər ki, hökumətlərin köməyinə ehtiyac yaransın, hələlik bilmirik. Vəziyyət çox dəyişkəndir", - deyə o əlavə edib.
"Turkish Airlines"ın baş maliyyə direktoru Murat Şeker isə bildirib ki, yanacaq qiymətləri payıza qədər düşməsə, uçuşların tezliyini azaldacaq və bəzi marşrutları bağlayacaqlar. "Əgər aviakerosin qiymətləri iyuldan sonra yüksək qalarsa, reys tezliyini azaldacaq, hətta bəzi şəhərlərə uçuşları dayandıracağıq", - deyə o qeyd edib.












