Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün dövlət rüsumlarının kəskin artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənədə əsasən, vətəndaşlıq rəsmiləşdirilməsi 12 dəfə bahalaşıb.
Oxu.Az xəbər verir ki, qanun rəsmi hüquqi portalda dərc olunub. Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı üçün rüsum 4 200 rubldan (təqribən 96 manat) 50 min rubla (təqribən 1 137 manat) qədər artırılıb.
Müvəqqəti yaşamaq icazəsi 8 dəfə bahalaşaraq 1 920 rubldan (44 manat) 15 min rubla (341 manat) çatdırılıb. Daimi yaşamaq icazəsi isə 5 dəfə artaraq 6 min rubldan (137 manat) 30 min rubla (682 manat) qədər yüksəlib.
Bundan əlavə, əcnəbi mütəxəssislərin işə cəlb olunması üçün rüsum 15 min rubl (təqribən 341 manat) təşkil edir. Lakin bəzi kateqoriyalar rüsumdan azaddır: keçmiş SSRİ vətəndaşları, dövlət proqramı iştirakçıları və vətəndaşlığı olmayan şəxslər.
Həmçinin “xüsusi hərbi əməliyyat” zamanı Rusiya ordusu ilə müqavilə bağlamış əcnəbilər də rüsum ödəməyəcək. Bu dəyişikliklər miqrantlar üçün maliyyə yükünü əhəmiyyətli dərəcədə artırır.












