Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Zaporojyedə iki uşaq da daxil olmaqla doqquz nəfər xəsarət alıb. Çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər dağıntılar altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə dəyib.
Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, bölgənin atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.
Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbəyə keçən gecə kütləvi PUA hücumu edib, 10 mülki şəxs yaralanıb.
Rusiya qoşunları 27 iyuna keçən gecə Zaporojye və Xarkov vilayətlərində yanacaqdoldurma stansiyalarına zərbələr endirib. Zaporojyedə qaz çəni və inzibati bina alovlanıb. Xarkov vilayətində iki yanacaqdoldurma məntəqəsi atəşə tutulub, birində bina dağılıb, 400 kvadratmetr ərazidə yanğın baş verib.
Dnepropetrovsk bölgəsində gecə hücumu nəticəsində 56 yaşlı qadın həlak olub, 13 yaşlı qız və 44 yaşlı qadın yaralanıb.












