Böyük Britaniyanın Böyük Mançester bölgəsinin keçmiş rəhbəri Endi Bernem hakim Leyboristlər Partiyasının sədri postu uğrunda mübarizəyə qoşulduğunu açıqlayıb.
56 yaşlı siyasətçi sosial şəbəkə hesabında bildirib ki, bu vəzifəyə seçiləcəyi təqdirdə avtomatik olaraq ölkənin baş naziri olacaq.
"Kir Starmer dövlətimiz üçün mühüm işlər görüb. Mürəkkəb bir dövrdəki fədakar fəaliyyətinə görə ona minnətdaram. Onun addımı keçid mərhələsinin əsasını qoyur. Mən də namizədliyimi verəcəyəm", - deyə Bernem bildirib.
Onun əsas rəqibi sayılan sabiq səhiyyə naziri Ues Stritinq Bernemə dəstək verəcəyini açıqlayıb. Stritinq qeyd edib ki, bu addım Bernemin partiyadaxili seçkilər olmadan baş nazir postuna keçməsinə şərait yarada bilər.
"Sky News" bildirir ki, sabiq nazir deyib: "Yayı narazılıqlarla keçirə bilərik, ya da islahatlarda ona dəstək ola bilərik. Mənim seçimim budur".
Starmerin komandasından ilk ayrılanlardan olan Stritinq son günlərdə Bernemlə ətraflı müzakirələr apardığını əlavə edib.
Xatırladaq ki, iyunun 22-də Kir Starmer istefa qərarını elan edib. Namizədlərin irəli sürülməsi iyulun 9-da başlanacaq. Qalib sentyabrın 1-nə kimi postuna keçməlidir.
Endi Bernem cəmi bir neçə gün öncə parlamentə üzv seçilib və bu gün deputat kimi andiçmə mərasimində iştirak edir.












