İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəyi təqdirdə döyüşlərin Yaxın Şərqi aşacağını bildirib.
SEPAH-ın iddiasına görə, əvvəlki toqquşmalarda İran bütün gücündən istifadə etməyib.
ABŞ lideri Donald Tramp isə Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə mayın 19-da planlaşdırılan hücumdan imtina etdiyini açıqlayıb.
İran XİN rəsmisi İsmayıl Bəqai Tehranın istənilən ssenariyə hazır olduğunu və qarşı tərəfə yeni sürprizlər edəcəyini bildirib.
Fevralın 28-də İsrailin müdafiə naziri İsrail Kats İrana qabaqlayıcı zərbə endirildiyini, Tramp isə ABŞ-ın da əməliyyatda iştirak etdiyini təsdiqləyib.
İran cavab olaraq İsrailə onlarla ballistik raket atıb, İsrail hava hücumundan müdafiə sistemlərini işə salıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlarda öldürüldüyü bəyan olunub.
İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə raket zərbələri endirib, hava məkanı müvəqqəti bağlanıb və Hörmüz boğazında gəmi keçidində problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehranla ikihəftəlik atəşkəs razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib, aprelin 22-yə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.












