ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın müvəqqəti direktoru Bill Pultiyə istənilən məlumatı məxfilikdən çıxarmaq səlahiyyəti verdiyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə məlumat verib.
O qeyd edib ki, Pulti bu vəzifədə qısa müddət çalışacaq: "Bill bu vəzifədə çox qısa müddət olacaq. Lakin orada olduğu müddətdə ona istədiyi hər şeyi məxfilikdən çıxara biləcəyini bildirdim".
Trampın sözlərinə görə, Bill Pulti Milli Kəşfiyyata daha bir-iki ay rəhbərlik edəcək. Onun daimi əvəzləyicisi olması gözlənilən Cey Kleytonun namizədliyinə isə Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində iki həftədən sonra baxılacaq.
Qeyd edək ki, Bill Pulti iyunun 19-da Milli Kəşfiyyatın direktoru vəzifəsinin icrasına başlayıb. O, eyni zamanda Federal Mənzil Maliyyələşdirilməsi Agentliyinin rəhbəri və "Fannie Mae"/"Freddie Mac" ipoteka agentliklərinin direktoru vəzifələrini də icra edir. Tramp onun təyinatını iyunun 2-də elan etmişdi. Bu qərar Pultinin kəşfiyyat sahəsində təcrübəsinin olmaması səbəbindən prezidentin siyasi rəqibləri tərəfindən tənqid edilmişdi. Xatırladaq ki, əvvəllər bu vəzifəni Talsi Qabbard tuturdu.











