Ukraynada ilk dəfə olaraq həkimlər tibbi çətənə (kannabis) əsaslı preparatlara rəsmi elektron reseptlər yazıblar. Bu barədə "Ukrinform" agentliyi məlumat yayıb.
Reseptlər Vinnitsa Vilayət Klinik Psixonevroloji Xəstəxanasının nevroloqları tərəfindən verilib. Preparatları, xüsusilə, dağınıq sklerozdan əziyyət çəkən bir qadın pasiyent və xroniki ağrı sindromu olan iki veteran əldə edib.
Həkimlərin sözlərinə görə, bu preparatlar ağrıların azaldılması, təşviş və stresin yüngülləşdirilməsi, həmçinin bəzi nevroloji xəstəliklərin müalicəsi üçün istifadə olunan kannabidiol əsaslıdır.
Qeyd olunur ki, bu preparatlar beynəlxalq və Ukrayna müalicə protokollarına daxil edilib, eyforiya yaratmır və asılılığa səbəb olmur.
Mütəxəssislər bildirir ki, kannabidiol güclü iltihabəleyhinə və analgetik təsirə malikdir, xroniki və əzələ ağrılarının azaldılmasında istifadə olunur. Həmçinin epilepsiyanın ağır formalarının müalicəsində, xüsusilə uşaqlarda tətbiq edilə bilər.












