Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri “Azərbaycanın Qurtuluş Salnaməsi” adlı hesabat konserti təqdim ediblər.
Konsert proqramı Azərbaycan xalqının müstəqillik və dövlətçilik yolundakı şərəfli tarixini bədii formada əks etdirib.
Tədbir 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətini musiqi və incəsənət vasitəsilə işıqlandırmaq məqsədi daşıyıb.
Gecədə məktəbin istedadlı şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçib.
Tədbirdən əvvəl Xoreoqrafiya və Rəssamlıq şöbələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub, həmçinin rəqs nümunələri nümayiş etdirilib.
Konsertin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dəyərlərin təbliği və gənc istedadların yaradıcılıq potensialının geniş auditoriyaya çatdırılması olub.
Layihə məktəbin ən mühüm hesabat tədbirlərindən biri sayılır və gənclərin milli tarixə, mədəni irsə bağlılığını nümayiş etdirir.












