Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, qırğızıstanlı hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov qonaqlarla görüşüb.
Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə məlumat verilib və daxili təhlükəsizlik brifinqi təqdim olunub.
Tərəflər hərbi təhlükəsizlik əməkdaşlığının cari vəziyyətini və perspektivlərini müzakirə edib, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Həmçinin, aktual mövzular müzakirə olunub, suallar cavablandırılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.











