Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.
Baku TV-nin məlumatına görə, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Kürdəmir rayonundandır.
Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə Tibb Universitetinə qəbul olunmuşdu. Müharibə səbəbindən ailəsi ilə Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.
Fatimənin əmisi Azər Hüseynov bildirib: "Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır".
Onun faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Universitetdə xüsusi guşə yaradılıb.
Fatimənin nəşi əmisi və diaspor nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.












