Bu həftəsonu UFC tarixinin ən unikal tədbirlərindən biri baş tutacaq. "UFC Freedom 250" turniri ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil olunacaq.
İyunun 14-də (Bakı vaxtı ilə 15 iyun, saat 04:00) Vaşinqtonda keçiriləcək tədbir ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
Turnir çərçivəsində yeddi döyüş olacaq. Əsas qarşılaşmada yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə Aleks Pereyra ilə Siril Qan ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.
Hazırda UFC təşkilatı bu əlamətdar layihəyə son hazırlıqları tamamlayır. Turnir Ağ Evin ərazisində keçiriləcək ilk peşəkar idman tədbiri kimi tarixə düşəcək.
Vaşinqtondakı tarixi turnir dünya idman ictimaiyyətinin diqqət mərkəzində olduğu bir vaxtda, Bakı növbəti UFC gecəsinə hazırlaşır. Azərbaycanlı MMA azarkeşlərini daha bir möhtəşəm tədbir gözləyir.
İyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turniri paytaxtı yenidən qlobal MMA gündəminin mərkəzinə çevirəcək. Gecədə tanınmış döyüşçülər oktaqona çıxacaq, yerli və xarici azarkeşlər isə bu həyəcanı arenada canlı izləyə biləcəklər.
Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır.












