UEFA Çempionlar Liqasının "Arsenal" - PSJ final matçını izləmək üçün Budapeştə gedən britaniyalı azarkeş ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin o, oyuna baxmaq üçün xəstəxanadan qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə Budapeşt Baş Polis İdarəsi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Polisin açıqlamasında bildirilir ki, mayın 30-da günorta saatlarında elektrik skuteri ilə hərəkət edən Böyük Britaniya vətəndaşı yıxılaraq xəsarət alıb və xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun həyatı üçün təhlükə yarada biləcək ciddi xəsarətlər aldığı müəyyən edilib.
Buna baxmayaraq, azarkeş final matçını izləmək istədiyi üçün xəstəxananı özbaşına tərk edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin axtarışına başlayıblar. Onun təxirəsalınmaz tibbi yardıma ehtiyacı olduğundan həm özü, həm də qohumları ilə əlaqə yaratmağa cəhd göstərilib.
"Polis skuterdən yıxılaraq ağır xəsarət alan britaniyalı ilə əlaqə saxlaya bilib. Əlaqə onun qohumu vasitəsilə qurulub. Futbol azarkeşi tibbi yardım alması üçün yenidən xəstəxanaya qaytarılıb", - deyə polis məlumatında qeyd olunub.












