26-28 iyun tarixlərində Çinin Sindao şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda 17 cüdoçu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində mübarizə aparacaq.
Maraqlı məqam olimpiya çempionu Hidayət Heydərovun bu Qran-pridə fərqli çəki dərəcəsində çıxış etməsidir. İndiyə qədər 73 kq-da yarışan Heydərov çəkisini sala bilmədiyi üçün 81 kq-da tatamiyə çıxacaq.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (+100 kq) da yarışacaq.
Qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) qüvvəsini sınayacaq.
Komandaya baş məşqçilər Riçard Trautman (kişilər) və Amina Abdellatif (qadınlar) rəhbərlik edəcək.












