"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının start matçında meydana çıxmağa hazır olacaq.
Oxu.Az-ın "Marca" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə milli komandanın baş məşqçisi Luis de la Fuente bildirib.
"Niko Uilyams, Lamin və Viktor Munyos qrafikə uyğun olaraq bərpa olunurlar. Yaxın günlərdə onların daha ixtisaslaşmış məşqləri planlaşdırılır. Əgər heç bir fəsad olmasa, onlar ayın 15-nə hazır ola bilərlər. İlkin mərhələdə hər şey daha çətindir. Lakin düşünürəm ki, hər üçü hazır olacaq", - deyə de la Fuente qeyd edib.
Mütəxəssis hər bir oyunçunun fərdi bərpa prosesi keçdiyini və Laminin zədəsinin, eləcə də onun müddətinin fərqli olduğunu vurğulayıb. "Lakin ən əsası odur ki, gözlənilən vaxtda o, artıq komandanın heyətinə daxil edilməyə hazırdır", - deyə baş məşqçi əlavə edib.
Xatırladaq ki, 18 yaşlı Yamal aprelin 22-də "Selta Viqo" ilə matçda (1:0) 40-cı dəqiqədə penaltini vurduqdan sonra sol ayağının dizaltı vətərindən zədə almışdı. Bir müddət sonra "The New York Times" nəşri futbolçunun İspaniya millisinin dünya çempionatındakı ilk oyununda iştirak edə bilməyəcəyini iddia etmişdi.
Cari ildə hücumçu "Barselona" ilə İspaniya çempionu adını qazanıb. Onun aktivində Kataloniya klubunun heyətində daha iki çempionluq, iki Superkubok və bir ölkə kuboku var. Qeyd edək ki, "Transfermarkt" portalının versiyasına görə, Yamal 200 milyon avro dəyəri ilə La Liqanın ən bahalı oyunçusudur.
2023-cü ildə İspaniya millisində debüt edən Yamal yığmanın heyətində 25 oyun keçirib və altı qola imza atıb. O, milli komanda ilə "Avro-2024"ün qalibi olub və 2025-ci ildə Millətlər Liqasının finalına qədər irəliləyib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. İspanlar turnirə Kabo-Verde komandasına qarşı keçiriləcək matçla start verəcəklər.












