İngiltərənin "Midlsbro" futbol klubu Çempionşipdə baş verən casusluq qalmaqalı ilə bağlı rəsmi açıqlama yayıb.
Daha əvvəl "Sauthempton"un performans analitikinin pley-off mərhələsində komandaların ilk oyunundan əvvəl "Midlsbro"nun məşqini və taktiki hazırlığı lentə aldığı məlum olub.
İki oyunun nəticəsinə əsasən "Sauthampton" "Midlsbro"nu məğlub edərək (0:0, 2:1) finala yüksəlib. Komanda mayın 23-də Premyer Liqaya vəsiqə uğrunda "Hall Siti" ilə qarşılaşmalıdır.
"Daily Mail" tərəfindən yayımlanan və daha sonra "The Athletic" tərəfindən təsdiqlənən fotonun "Midlsbro"nun Rokliff Park məşq bazasında çəkildiyi bildirilir. Şəkildə ağacın arxasında gizlənərək əlində telefon tutan gənc görünür.
Mənbələrin məlumatına görə, həmin şəxsin Uilyiam Solt ola biləcəyi ehtimal edilir. O, baş məşqçi Tonda Ekkerin analitik heyətində çalışır və "Sauthempton" klubunun strukturuna daxildir.
"Midlsbro" artıq "Sauthempton"a qarşı rəsmi ittiham irəli sürərək, klubu casusluq və məşq prosesinin gizli çəkilişində günahlandırıb. Qaydalara əsasən, ittihamlara cavab vermək üçün klubun 14 günü var.
Bununla belə, İngiltərə Futbol Liqası (EFL) dinləmələrin daha qısa müddətdə keçirilməsini istəyir. Bildirilir ki, qərarın uzanması Çempionşip finalının vaxtının və ya keçirilmə yerinin dəyişməsinə səbəb ola bilər. Çünki mayın sonu və iyunun əvvəlində "Uembli" stadionunda sıx tədbir qrafiki mövcuddur.
"Midlsbro"nun bəyanatında deyilir:
"Klub bu qərardan təəssüflənir. Çünki araşdırılan məsələlər birbaşa bizə aiddir və hadisələrin gedişi, eləcə də onların idman nəticəsinə təsiri ilə bağlı faktiki sübutlarımız var. Məşqimizin izlənməsi və bu səviyyəli oyundan əvvəl videoya çəkilməsi idman ədaləti və "feyr-pley" prinsiplərinə ziddir. Mövcud vəziyyətdə yeganə adekvat qərar "Sauthempton"un Çempionşip pley-off finalında iştirakına icazə verilməməsidir".












