İkiqat olimpiya çempionu Yevgeni Plyuşenko, oğlu Aleksandrın Azərbaycanın idman vətəndaşlığını qəbul etdiyini təsdiqləyib.
13 yaşlı Aleksandr Plyuşenko beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb. Atası Yevgeni Plyuşenko bildirib ki, keçid prosesi qaydalara uyğun aparılıb: "Saşa 13 yaşındadır. Rusiya millisinin üzvü olmayıb, bu mövsüm yarışlarda iştirak etməyib və karantin müddətini keçib. Heç kimin yerini tutmayıb, özəl akademiyamda məşq edib".
Gənc idmançı özü də fikirlərini bölüşüb: "Mənə beş il müddətinə Azərbaycanın idman vətəndaşlığı verilib. Ümid edirəm ki, beynəlxalq arenada layiqincə təmsil olunacaq və uğurlu nəticələr göstərəcəyəm".
Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKR) İcraiyyə Komitəsinin iclasında A.Plyuşenkonun sərbəst buraxılmasına rəsmi razılıq verib. Gələn mövsümdən etibarən Aleksandr Azərbaycan bayrağı altında beynəlxalq yarışlara qatıla biləcək. Bunun üçün Beynəlxalq Konkisürmə İttifaqından (ISU) çıxış hüququnu təsdiqləyən sənəd almalıdır.
Aleksandr Plyuşenko, Rusiya daxilində rəsmi turnirlərdə demək olar ki, iştirak etməsə də, müxtəlif buz şoularındakı çıxışları ilə tanınır.












