Futbol üzrə Kabo-Verde milli komandasının qapıçısı Vozinyanın anası ABŞ vizası alaraq oğlunun dünya çempionatındakı növbəti oyunlarını stadiondan izləyə biləcək.
Oxu.Az ESPN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar azlığının lideri Hakim Ceffris bildirib.
Qrup mərhələsinin ilk turunda Kabo-Verde yığması İspaniya ilə qolsuz heç-heçə edib. Həmin görüşdə Vozinya 7 zərbəni dəf etməyi bacarıb. Matçdan sonra qolkiper anasının viza problemləri səbəbindən oyunda iştirak edə bilmədiyini söyləyib.
"Mən Dövlət Departamentindən Vozinyanın anasının Kabo-Verde millisinin növbəti matçında iştirakını təmin etmək üçün əlindən gələni etməsini xahiş etdim", - deyə Ceffris vurğulayıb. O, bütün rüsumların ödənildiyini və futbolçunun anasının qapıçının növbəti oyununda iştirak edə biləcəyini əlavə edib.
"Birgə fəaliyyətə görə dövlət katibi Marko Rubioya, Dövlət Departamentinin nümayəndələrinə, Kabo-Verde hökumətinə və FIFA-ya təşəkkür edirəm", - deyə Ceffris qeyd edib. İkinci turda Kabo-Verde yığması Uruqvay komandası ilə qarşılaşacaq.











