İslam İnkişaf Bankının rəsmisi qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatın inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Kuala-Lumpurda yerləşən İslam İnkişaf Bankının (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İİB Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Halal Forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın regional əlaqələrinin gücləndirilməsi və yeni ticarət marşrutlarının inkişafı ölkəyə halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynamaq imkanı yaradır:
"Qlobal halal iqtisadiyyatının davamlı inkişafı üçün yalnız ticarətin genişləndirilməsi kifayət deyil, eyni zamanda güclü dəyər zəncirlərinin, investisiya mexanizmlərinin və bilik mübadiləsinin təşviqi vacibdir. Halal iqtisadiyyatı təkcə ticarət və sertifikatlaşdırma məsələsi deyil, həm də ərzaq təhlükəsizliyi, dayanıqlı inkişaf, innovasiya və sosial rifahın təşviqi üçün mühüm vasitədir."












